ÜST-nın çağırışı barədə yerli mütəxəsislər nə düşünür?

12:00 19.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yeni koronavirus pandemiyası hələ ki, bəşəri problem olaraq qalır. Başlanğıcını Uhan şəhərindən götürən COVİD-19, demək olar ki, bütün ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Bu səbəbə görə bir çox ölkələrdə karantin rejimi tətbiq olundu, ölkədaxili xidmət sahələri işini müvəqqəti dayandırdı, eləcə də sərhədlər bağlandı. ÜST koronavirusla mübarizədə dövlətlərin həssas yanaşmaları üçün çağrışlar etdi.

Lakin yaxın günlərdə bu təşkilat əvvəlki çağrışın əksinə yönəlik bəyanat verdi. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. ÜST-nin  baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.

Bir-birinə zidd çağrışların gözəgörünməz fonunda nə dayanır, karantin qaydalarının tətbiq edilməməsi hazırki vəziyyət üçün doğru qərardırmı?

Professor, tibb eksperti Adil Qeybulla hafta.az-a danışarkən bildirdi ki, ÜST-nın bu qərarı düzgündür:

“Təcrübə də göstərdi ki, tətbiq olunan qaydalar tək karantin müddətində deyil, hər zaman lazımlıdır. Məsafə saxlamaq, maska taxmaq - bunlara əməl olunmalıdır. Bunlara riayət etməklə pandemiya dövründə yaşamaq mümkündür. Virus bu ilin sonuna qədər yoxa çıxmalıdır. Nəfəs yolları infeksiyasının ömrü bir il, ən pis halda iki ilə yaxın müddət davam edə bilər. Normalda isə 6-7 ay çəkməlidir. Uzanırsa 9 ay çəkə bilər. Bu baxımdan düşünürəm ki, hansısa pandemiya olacağı təqdirdə verilən bu qərar daha düzgün qərar olardı. ÜST-nin gəldiyi qərar birbaşa öz qərarı deyil, pandemiya dövründəki təcrübələrin müzakirəsindən sonra belə bir çağrış oldu. İqtisadiyyata dəymiş ziyan, insanların evdə qaldıqda aldığı travmalar və s. göstərdi ki, karantin müddəti uzadılmamalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə pandemiya səbəbində ölkədəki iqtisadi vəziyyət gərginləşir, karantin rejimi ləğv edilib, qaydalara əməl olunsa daha yaxşı nəticə verə bilər:

“Virusla bağlı mücadilədə başqa tədbirlər planını önə çəkdilər. Bizdə problem odur ki, karantin rejimi 4 aydır davam edir. Bu, virusla mücadilədə ciddi uğura imza atmağımıza imkan vermir, əksinə, son 4 ayda yoluxma sayları hər gün artan templə gedir. Həm də iqtisadiyyatla bağlı problemlər daha da dərinləşir. Yəni, alınan tədbirlər nə virusla mücadilədə, nə iqtisadi məsələlərdə önə çıxmağa imkan vermədi. İqtisadiyyatı qapadıb virusa qalib gəlsəydik anlaşılan olardı. Və yaxud iqtisadiyyatı açıq saxlayıb virusla bağlı problemlər indiki səviyyədə qalsaydı, bu da yollardan biri olardı. Hər iki istiqamətdə ciddi problemlər yaşandı. Birinci karantin dönəmində aprel-may aylarında hökumətin böyük bir paketi qəbul olundu”.

N. Cəfərlinin sözlərinə görə, turizm və sərnişindaşıma ən çox zərər görən sahələrdir:

“Bu sahələrin gələcəkdə ayağa qaldırılması, müəyyən problemlərin həlli üçün xüsusi bir proqramın olduğunu söyləmək mümkün deyil. Sadəcə sonuncu dəfə prezident İlham Əliyevin Dünya Turizm Agentliyi ilə video konfrans şəkildə görüşündə daxili turizmə üstünlük veriləcəyi ilə bağlı açıqlaması var idi. Amma bilirsiniz ki, ölkədə şəhərlərarası gediş-gəliş demək olar ki, durdurulub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb. Belə bir şəraitdə, virusun templə yayıldığı dövrdə daxili turizmdə hər hansı bir addımların atılması mümkünsüz görünür. Daxili turizm xarici turizmi əvəz edəcək səviyyədə deyil. İndiki şəraitdə isə ümumiyyətlə mümkün görünmür. Ona görə də turizmlə bağlı, sərnişindaşıma ilə bağlı xüsusi bir yanaşmaya ehtiyac var. Burada Avropa təcrübəsini də öyrənmək olar. Avropada da daxili turizmlə bağlı kifayət qədər ciddi addımlar atılır. Daxili turizmi canlandırmaq vasitəsilə müəyyən uğur əldə edilməsi üçün karantin rejimi sona çatmalıdır. Şəhərlərarası, regionlararası gediş-gəliş açılmalıdır”.

Baş infeksionist Cəlal İsayev isə hesab edir ki, bir neçə ay müddətində davam edən karantindən vətəndaşlar bezib, uzadılarsa bu yaxşı qarşılanmayacaq:

"Vəziyyət qiymətləndirilir, hər şey yolunda olarsa karantin rejimi tətbiq olunmayacaq. Amma bunu zaman göstərəcək. Vəziyyət normallaşmasa, hətta uzadıla da bilər. Belə olan halda milləti düşünməliyik, başqa çarə yoxdur. Son günlər yoluxma statistikası dinamikdir. Gah artır, gah azalır. Belə hallar normaldır. Tam deyə bilmərik yoluxma getdikcə azalır və ya deyə bilmərik ki, artır. Dediyim kimi hazırda dinamikliyi biz müşahidə edirik. Vəziyyətin tam yaxşı olmasını o zaman deyə bilərik ki, yoluxma tamamilə aşağı düşsün. Ümumi götürəndə stabilləşmə və ya sabitləşmə var. Yəni ümidverici irəliləyişlər görürük. İnsanlarımız karantin davranışlarına və tövsiyələrə bu şəkildə əməl etsələr, durum qalıcı olacaq və gələcək yumşalmalara da gedəcəyik”.

Sosial rubrikasından digər xəbərlər